Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a növbəti müsahibəsində Güney Qafqaz və Yaxın Şərqdəki gərginlikləri və geosiyasi maneələri təhlil edib. Onun fikirlərinə görə, Rusiya, ABŞ və digər güc mərkəzləri Cənubi Qafqazda daha geniş bir siyasi mübarizənin iştirakçısıdırlar. Müsahibədə, həmçinin Zəngəzur dəhlizi, Trampın bununla bağlı siyasəti və İsrailin regional ambisiyaları mövzularında maraqlı və strateji düşüncələr ortaya qoyulub...
- Rusiyanın Ermənistandakı hərbi bazasına əlavə canlı qüvvə, silah və texnika daşıması haqda hansısa məlumatınız varmı? Bu nə dərəcədə doğru xəbərdir?
- Rusiyanın Ermənistandakı hərbi bazasına silah toplaması haqqında müxtəlif məlumatlar yayılıb, xüsusilə də Ermənistan mediasında. Düşünürəm ki, orada doğrudan da müəyyən hərəkətlilik var. Amma bu hərəkətlənmə nə ilə bağlı ola bilər? Birinci ehtimal Zəngəzur dəhlizi ilə bağlıdır. Ümumiyyətlə, burada yalnız Zəngəzur dəhlizi üzərində fokuslanmaq mənə elə gəlir ki, bir qədər yanlışdır. Söhbət daha çox Qərbin, NATO-nun və ilk növbədə ABŞ-ın Cənubi Qafqaza müdaxiləsindən gedir. Görürük ki, İranla Rusiya Xəzərdə hərbi təlimlər də keçdi. Bu baxımdan demək olar ki, bölgədə strateji hədəf Xəzər dənizidir. Zəngəzur qədər əhəmiyyətli deyil. Ola bilsin ki, Rusiya məhz güc nümayişi məqsədilə Zəngəzur ərazisinə qoşun yığır. Amma Moskvanın guya orada hərbi əməliyyat keçirmək məqsədilə qoşun toplaması inandırıcı görünmür. Ən azı, bu, mövcud siyasi-diplomatik şəraitə uyğun deyil. Təbii ki, münasibətlər kəskinləşərsə, hadisələr aktiv fazaya keçərsə, orada artıq silah və ordu işə düşə bilər. Həmin halda Rusiya Ermənistanı bütövlükdə işğal etməyə də cəhd edə bilər. Ancaq indiki vəziyyətdə bu sadəcə güc nümayişidir və ola bilsin ki, hətta İranın şimalında Rusiya və İranın birgə quru qoşunlarının təlimləri də ola bilər. Bu, bütün Xəzər-Qara dəniz bölgəsinə Qərbin maraqları və təhdidlərinə Rusiya və İranın birgə cavabı kimi də qəbul edilə bilər...
Son nəticədə, hər şey siyasi və diplomatik müstəvidən güc müstəvisinə keçərsə, vəziyyət dəyişə bilər. Hələlik, bu cür hərəkətlər daha çox təzyiq göstərmək məqsədi daşıyır.
- Bəzi siyasi şərhçilər Putinin bu yaxınlarda Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək üçün hərbi müdaxilə edəcəyini söyləyir. Siz necə düşünürsünüz, belə bir situasiya mümkündürmü?
- Bu, yalnız o halda ola bilər ki, hadisələr siyasi-diplomatik müstəvidən güc müstəvisinə keçsin. O zaman artıq başqa qaydalar, yanaşmalar işə düşər, başqa addımlar atılar, başqa taktiki gedişlər edilər. Belə bir durumda isə hər şey mümkündür. Hətta dediyim kimi, Ermənistanın Rusiya tərəfindən tam işğal edilməsi də istisna deyil...
- ABŞ-nin Zəngəzurdan keçəcək yolla bağlı “Tramp körpüsü” adlanan layihəsi haqda nə demək olar? Bəs əgər Tramp doğrudan da “KQB” – “FSB” agentidirsə, bəlkə elə bu cür gedişlərlə Ukraynada olduğu kimi, burada da Rusiyanın xeyrinə olaraq Ermənistanla Azərbaycanın başını qatır, vaxt aparır?
- Zəngəzur məsələsində Amerikanın rolu və o əraziyə iddiası nə dərəcədə ciddidir, bunu dəqiq bilmək çətindir. Hərçənd, ABŞ mətbuatında, özü də ciddi media orqanlarında bu barədə bir çox məqalələr var ki, həmin yazılarda Zəngəzur dəhlizi, az qala, əsas geosiyasi rəqabət meydanı kimi göstərilir. “Tramp körpüsü” adlandırılması isə siyasi texnologiyadır. Hər kəs bilir, Tramp öz adının hallandığı hər bir şeyə xüsusi diqqət yetirir. Bəlkə də, buna görə bu adı uydurublar. Yəni Trampın bu məsələyə müdaxiləsi, əslində, onun siyasi imicinin bir hissəsidir...
Trampın “KQB” – “FSB” agenti olmasına gəldikdə, bunu söyləmək üçün əlimdə heç bir əsas yoxdur. ABŞ prezidentinin Rusiyaya qarşı mövqeyi, ən azı, sözdə sərtləşib, amma düşünmürəm ki, əməldə də sərtləşəcəkdir. Eyni zamanda, Zəngəzur məsələsi ilə bağlı başqa bir versiya da var ki, guya ABŞ-ın Cənubi Qafqazda aktivləşməklə Rusiya ilə Ukrayna və Cənubi Qafqaz məsələləri ilə bağlı hardasa bir mübadilə aparmaq istəyir. Bu da çox inandırıcı görünmür, çünki hər iki bölgə Rusiya üçün strateji əhəmiyyət daşıyır və Kreml bu ərazilərdə təsirini qorumağa çalışır. Cənubi Qafqaz İrana və bütövlükdə Yaxın Şərqə çıxışdır. Ukrayna isə ən əsas məsələ – Avropanın cənub-şərq cinahı və Qara dənizlə bağlıdır. Hər iki region da strateji baxımdan önəmlidir — həm Cənubi Qafqaz, həm də Qara dəniz bölgəsi və Ukraynanın özü. Təbii ki, Rusiyanı bu ərazilərdən sıxışdırıb çıxarmağa çalışırlar. Güney Qafqazda xüsusi siyasi aktivlik nəzərə çarpmasa da, belə bir mübarizə görünür. Belə mübahisələrin iki yolla həlli var: ya siyasi, ya da müharibə; üçüncü yol yoxdur bu halda....
Müharibə Ukraynada faktiki gedir, özü də NATO ilə Rusiya arasında; Ukrayna, sadəcə, bu prosesin bir iştirakçısıdır... Cənubi Qafqazda isə müharibə real deyil, çünki NATO-nun o gücü yoxdur. Təbii ki, məsələyə Türkiyə qarışmasa, daha doğrusu, Türkiyə qarışarsa, bu da başqa bir məcraya gətirəcək. NATO-nun özü ilə onun üzvü olan Türkiyə arasında da ziddiyyətlər var. Başqa bir tərəfdən, bilirsiniz ki, Yaxın Şərqdə Trampın hərtərəfli himayə etdiyi İsraillə Türkiyə arasında da gərginlik mövcuddur. Türkiyənin belə bir şəraitdə NATO-nun Cənubi Qafqaz planlarında iştirak edib-etməyəcəyi ciddi bir sualdır. Düşünürəm ki, Türkiyə NATO-nun deyil, öz maraqları naminə hansısa prosesə qarışa bilər. Suallar çox olsa da, hələ bir çoxlarına cavab tapılmayıb, çünki konkret fəaliyyət görünmür.
- Trampın Putinə verdiyi 50 günlük müddəti qısaltması və Pekində Çin liderinin də iştirakı ilə Tramp-Putin görüşünün keçiriləcəyi haqda xəbərlərə necə yanaşırsınız? Tramp yenə də baş qatır, yoxsa doğrudan da Rusiyaya qarşı nəsə real bir iş görməyə hazırlaşır?
- Trampın Putinə gah 50 gün, gah 10 gün kimi müxtəlif müddətlər tətbiq etməsi, Rusiyanın ünvanına hədələyici bəyanatlar səsləndirməsi ABŞ siyasətinin Rusiya ilə bağlı konkret konturlarının olmamasına işarədir. Tramp kimi bir prezidentin siyasətində də məhz belə xaosun olması təəccüblü deyil. Gah Çində görüşmək cəhdi, gah 50 gün, gah 10 gün vaxt verilməsi, gah Ukraynaya silah verməkdən danışılır, amma əslində, heç bir silah verilmir. Belə bir dolaşıq vəziyyətin olması Tramp administrasiyasının Ukrayna ilə bağlı siyasətində konkret hədəflər və məqsədlərin olmadığını göstərir. Tramp utopik fikirlər səsləndirirdi ki, guya, 24 saata, bir aya Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Məlum oldu ki, Tramp 6 aydır Ağ evdədir və heç bir nəticə yoxdur. Əksinə, vəziyyət daha da ağırlaşıb.
- Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronu Fələstini müstəqil dövlət kimi tanımasından sonra təbrik etməsi, artıq İsrail ətrafında Qərb dövlətlərinin də iştirakı ilə müəyyən bir koalisiya yaranacağına işarə etmir ki?
- Fransanın Fələstini tanıması və Böyük Britaniyanın da eyni addımı atması təbii bir prosesdir. İsrailin Qəzzada törətdikləri Qərb cəmiyyətləri tərəfindən ciddi şəkildə qəbul edilir. Bu mövzuda Qərb hökumətləri cəmiyyətlərin çağırışları ilə hesablaşmağa məcburdurlar. Məsələn, Britaniyada keçirilən sorğular göstərir ki, artıq əhalisinin 60 faizdən çoxu İsrailə qarşı məhdudiyyətlər tətbiq olunmasını dəstəkləyir. Almaniya və Niderland da bu məsələyə daha sərt yanaşır. İsraildən gələn qeyri-adekvat reaksiyalar isə, təbii ki, ona qarşı təpkiləri gücləndirəcək. Hələ ki, İsrail Yaxın Şərqdə ABŞ-ın proksisi rolunu oynayır, amma Avropa ölkələrinin atdığı addımların təsiri hiss olunacaq.
- İsraildən söz düşmüşkən, görəsən, bu ölkənin Suriyaya qarşı hələlik ABŞ-ın müdaxiləsi sayəsində səngimiş hücum və təxribatları Türkiyənin birbaşa silahlı qarşıdurmaya çəkilməsinə yönəlməyib ki? Bəlkə məqsəd, sadəcə, qədim Şama qədər “vəd olunmuş torpaqları” ələ keçirməkdir?
- İsrailin Suriyaya qarşı apardığı hücum və təxribatlar, bir növ, kompleks tədbirlərdir. Suriyanın daxilində druzları qızışdırıb, silahlandırıb onları separatçılığa sövq etməklə onlara qarşı zorakılıq tətbiq edilməsinə şərait yaratmaq birinci addımdır. İkinci addım isə guya İsrailin təhlükəsizliyi üçün ciddi təhdid yaratdığına görə Suriyanın hərbi potensialını davamlı bombalamaqla sıradan çıxarmaqdır...
Ümumiyyətlə, dünyanın heç bir ölkəsinə belə bir imkan şərait yaradılmayıb ki, bir başqa dövlətin silahlı qüvvələrini sıradan çıxarsın ki, bu mənə təhlükədir. İsrail bu baxımdan dünyanın bir ərköyün uşağına çevrilib. Digər dövlətlərin siyasətçiləri İsrailin təhdidlərindən qorxurlar.
Suriya məsələsində İsrailin bir neçə məqsədi var. Birincisi, Suriyanın hərbi potensialını bərpa etməsinə imkan verməmək və bu ölkəni də Qəzza və yaxud Livan kimi təsiri altında saxlamaq.
İkinci məqsəd, şübhəsiz, Suriyanın sərhədə yaxın müəyyən torpaqlarını mənimsəmək və ola bilsin ki, hətta qədim Şama, yəni Dəməşqədək gəlib çıxmaqdır.
İsrailin üçüncü məqsədi, eyni zamanda, Türkiyəni regional konfiliktə cəlb etmək və öz ətrafına Qərb dövlətlərini toplamaqla müdafiə mövqelərini gücləndirməkdir. Bu məqsəd, Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilir, lakin əsas məqsəd İsrailin özünün regiondakı strateji mövqeyini qorumaq və gücləndirməkdir. Bax, İsrail, ən azı, bu məqsədlərə xidmət göstərir...